Son beş ildə Nərimanov rayonu ərazisində abadlıq, təmir və kommunal xidmətlər üçün ayrılmış dövlət vəsaitinin ümumi məbləği nə qədər olub və həmin vəsaitlərin xərclənməsi ilə bağlı ictimaiyyətə niyə ətraflı hesabat təqdim edilmir?
Rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının dam örtükləri, zirzəmiləri və kommunikasiya xətlərinin vəziyyəti ilə bağlı sakinlərin çoxsaylı şikayətləri olduğu halda, bu problemlərin həlli üçün hansı konkret tədbirlər görülüb?
MKTB tərəfindən keçirilən satınalmalar və podratçı seçimləri hansı meyarlarla aparılır? Tender və müqavilələr barədə məlumatlar niyə tam şəkildə ictimaiyyətə açıqlanmır?
Nərimanov rayonunda aparılan abadlıq işlərinin keyfiyyətinə nəzarəti kim həyata keçirir və görülən işlərin qısa müddət sonra yenidən təmirə ehtiyac yaratması nə ilə izah olunur?
Sakinlərin müraciətlərinə cavab verilməsi üçün müəyyən edilmiş müddətlərə hər zaman əməl olunurmu? Son illərdə neçə müraciət cavabsız qalıb?
Yaşıllıqların qorunması və ağacların kəsilməsi ilə bağlı qərarlar hansı əsaslarla qəbul edilir və bu prosesdə ictimai nəzarət necə təmin olunur?
Kommunal xidmətlər sahəsində rəqəmsallaşma və şəffaflığın artırılması üçün hansı layihələr həyata keçirilib və onların nəticələri nədən ibarətdir?
Birliyin balansında olan texnika və avadanlıqların sayı, texniki vəziyyəti və onların istifadəsi ilə bağlı ictimaiyyətə niyə müntəzəm məlumat verilmir?
MKTB əməkdaşlarının işə qəbulu hansı qaydalar əsasında aparılır? Vakansiyalar açıq müsabiqə yolu ilə elan olunurmu?
Rayon sakinlərinin ən çox narazılıq etdiyi kommunal problemlər hansılardır və rəhbər olaraq öz fəaliyyətinizdə hansı nöqsanları etiraf edir, onların aradan qaldırılması üçün hansı addımları planlaşdırırsınız?
Ümid edirik ki, ünvanladığımız suallar cavabsız qalmayacaq.