Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə bir hadisəni deyil, bütöv bir millətin taleyini, gələcəyini və dövlətçilik yolunu müəyyənləşdirir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar və taleyüklü günlərdən biridir.
1993-cü ilin iyun ayında Azərbaycan mürəkkəb siyasi proseslər, iqtisadi çətinliklər və daxili qarşıdurmalarla üz-üzə qalmışdı. Gənc müstəqil dövlətin mövcudluğu ciddi təhlükə altında idi. Məhz belə bir dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
15 iyun 1993-cü il tarixində Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin gələcək inkişafının, sabitliyinin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin əsasını qoydu. Həmin gündən etibarən Azərbaycanda siyasi sabitlik təmin edildi, milli birlik möhkəmləndi və ölkə inkişaf yoluna qədəm qoydu.
Bu gün qürur hissi ilə qeyd etdiyimiz Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunmasının, dövlətçiliyimizin möhkəmlənməsinin və milli maraqlarımızın təmin edilməsinin simvoludur. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi sürətləndi, iqtisadi inkişafın təməli qoyuldu və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər, iqtisadi inkişafı, beynəlxalq nüfuzu, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məhz həmin siyasi xəttin uğurlu nəticəsidir.
Milli Qurtuluş Günü eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, dövlətçilik dəyərlərinə sədaqət və milli birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də bu tarixi həqiqətləri tələbələrə aşılamaq, onları Vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda yetişdirməkdir.
Gəncə Dövlət Universiteti ölkəmizin ali təhsil ocaqlarından biri kimi hər zaman dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının təbliğinə xüsusi önəm verir. Universitetimizin professor-müəllim heyəti və tələbələri Azərbaycan dövlətinin inkişafına töhfə verməyi özlərinin müqəddəs borcu hesab edirlər.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, dövlətimizin daha da qüdrətlənməsini, xalqımızın rifah və firavanlıq içində yaşamasını arzulayıram. Əminəm ki, Azərbaycan bundan sonra da yeni-yeni uğurlara imza atacaq, müstəqilliyimiz və dövlətçiliyimiz əbədi olacaqdır.
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadov