Sosial şəbəkələrdə paylaşılan bir məlumat oxucuların və vətəndaşların narahatlığına səbəb olub. Belə ki, "Həkimlər qrupu" sosial şəbəkə səhifəsində anonim şəkildə paylaşım edən vətəndaş "My Gov" (my.gov.az) elektron hökumət portalındakı sağlamlıq bölməsində adından ağır xəstəliklər və diaqnozların yazıldığını iddia edib.
Maraqlısı da budur ki, sən demə eyni hal onlarla vətəndaşın da başına gəlibmiş...
igia.az BAKU.WS-ə istinadən xəbər verir ki, paylaşım edən şəxs heç vaxt müraciət etmədiyi və tanımadığı həkimlər tərəfindən ona vəba, sistit və digər ağır xəstəliklər diaqnozu qoyulduğunu bildirib:
"Təsəvvür edin, tanımadığım, adları bilinməyən həkimlər və orada çox ciddi diaqnoz xəstəlik adları qeyd edilib. Bu gün poliklinikaya yaxınlaşdım, heç nə edə bilməyəcəklərini dedilər. Bəziləri "əşi heç nə olmaz, əhəmiyyətli deyil" desə də, həqiqət budur ki, mən o həkimlərdə olmamışam və şükür Allaha heç bir ciddi xəstəliyim yoxdur", - deyə vətəndaş şikayətində qeyd edib.
Narahat vətəndaş bu səhvlərin necə düzəldilə biləcəyini və aidiyyəti üzrə hara şikayət etməli olduğunu soruşaraq ictimaiyyətdən və mütəxəssislərdən kömək istəyib.
Sözügedən halla bağlı Hüquqşünas Elşad İsayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, səhv diaqnozu qoyan subyekt, yəni həkim bəlli olmadığına görə, burada məsuliyyət məsələsindən söhbət gedə bilməz.
"Bilinmir ki, diaqnozu kim qoyub. Ola bilər, texniki səhvdir, məlumat səhv yerləşdirilib. Ancaq onun kim tərəfindən yerləşdirilməsi və s. məsələlər araşdırılmalıdır. Konkret bir həkim konsultasiyasında olsa, həkim yanlış diaqnoz qoysa və onun nəticəsində ziyan dəymiş olsa, bu zaman, konkret hüquqi prosedurlar başlada bilər".
Məsələ ilə bağlı "MyGov" platformasına sorğu ünvanlamışıq. Cavab verildikdə xəbərə əlavə olunacaq.
Həmin paylaşımın ekran görüntüsünü təqdim edirik: