Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın sosial şəbəkə hesabında jurnalistlərin istirahəti ilə bağlı suallarına verdiyi cavabla bağlı paylaşımı diqqət çəkib.
Deputat paylaşımında jurnalistlərin tez-tez “Sorğu keçiririk, bəs bir siyasətçi olaraq, istirahətiniz necə keçir?” sualını ünvanladıqlarını və belə hallarda adətən onları “yola vermək üçün” cavablar verdiyini yazıb.
Fazil Mustafanın bu ifadəsinin jurnalistlərə münasibət baxımından nə dərəcədə doğru olduğu ilə bağlı Modern.az onun fikirlərini öyrənib.
Deputat bildirib ki, istirahətlə bağlı suallar əsasən gündəmi oxucuya çatdırmaq məqsədi daşıyır və bu cür cavablarda müəyyən sarkazm ola bilər:
“Əlbəttə, bu kimi suallar əslində gündəmi müəyyən dərəcədə insanlara çatdırmaq üçün nəzərdə tutulan bir variantdır. Amma heç vaxt heç kəs özünün istirahətinin necə keçdiyi ilə bağlı olduğu kimi cavab vermir. İstirahət də insanın şəxsi həyatı ilə bağlı məsələdir. Bu baxımdan burada bir az sarkazm nəzərdə tutulub”.
Fazil Mustafa qeyd edib ki, jurnalistin sualına cavab vermək özü bir səmimiyyətdir, lakin istirahətin detalları ilə bağlı açıqlama vermək hər zaman mümkün olmur.
“Bu cür sualların qoyuluşunun da konkret cavabı olur. Ona görə onu hər tərəfi qane edə biləcək şəkildə deməlisən ki, nə jurnalist incisin, nə də onun sualı cavabsız qalsın, hörmətsizlik olmasın. Mən də əslində sonrakı fikirlərə dayaq üçün bunu göstərməyə bir az sarkazmla çalışıram ki, istirahətimiz yoxdur və bunu müəyyən dərəcədə yazmaq, nəsə çalışmaq, boş durmamaq özü istirahətdir”, - deyə deputat bildirib.
O, jurnalistlərin “hansı şəhərdəsən, harada keçirirsən, nə ilə məşğul olursan?” kimi suallarının isə sosial şəbəkələrdəki paylaşımlardan müəyyən qədər cavablandırıla biləcəyini deyib.
“Əgər mən gündə sosial şəbəkədə basketbol, futbol və ya hansısa görüşlərimi paylaşıramsa, artıq oradan jurnalist özü nəticə çıxartmalıdır. Kitab paylaşıramsa və ya məqalə yazıramsa, bu o deməkdir ki, jurnalist özü nəticə çıxarmalıdır ki, istirahətim necə keçir”, - deyə Fazil Mustafa vurğulayıb.
Deputat hesab edir ki, bu tip suallar peşəkar baxımdan o qədər də uğurlu deyil. Bununla belə, jurnalisti cavabsız qoymağın da doğru olmadığını və hər iki tərəfi qane edən cavab verməyə çalışdığını bildirib.
Fazil Mustafa, həmçinin müsahibəsində kifayət qədər ciddi məsələlərin müzakirə olunduğunu, lakin məhz “yola vermək” ifadəsinin diqqət çəkməsini yazının təqdimat üslubu ilə əlaqələndirib:
“Bir də maraqlısı odur ki, o yazıda kifayət qədər ciddi məsələlər qoyulmuşdu və maraqlıdır ki, o məsələlər sizin diqqətinizi çox çəkmədi. Demək, bu ifadə orada olmalıdır ki, sizin digər məsələlərdə diqqətinizi daha çox çəksin və onun üzərində də fikirlərinizi, düşüncələrinizi bölüşəsiniz. Bu da bir yazının taktikası və üslubudur”.