“Biletim.az” portalında yeni funksionallıq istifadəyə verilib.
Bu barədə igia.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, yeni funksionallıq vasitəsilə vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər. Beləliklə, həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.
Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.
Xatırladaq ki, bundan əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha sürətli formada doldura bilərlər. Bu da bilet alışını daha tez həyata keçirməyə imkan verir.