“Cəmi 20 dəqiqəyə bütün həyatımız alt-üst oldu, evimiz külə dönüb yox oldu”.
Şabranın Dağbilici kənd sakini Bayram Ağasıyev Musavat.com əməkdaşına belə deyib.
Bildirib ki, 15 avqust 2022-ci ildə Şabranın Xəlfələr kəndi ərazisində biçilmiş zəmidə başlayan yanğın güclü küləyin təsiri altında qısa zamanda onun yaşadığı Dağbilici kəndinə qədər uzanıb, bir anın içində evi alovlanıb:
“Güclü küləklə sürətlə yayılan yanğın Sumaqova, Qazma, Zöhramı, Pirəbədil, Zeyvə, Kilvar, Qorğan və Dağbilici kəndlərinə çataraq hektarlarla biçilmiş taxıl sahələrini, meyvə bağlarını, həyətyanı sahələri və təsərrüfatları məhv etdi. Mənim evim də yanıb kül oldu. Evim regionda “folklor evi” kimi tanınmışdı. 40 ildən artıqdır folklor kollektivinə rəhbərlik etmişəm, 30-dan artıq nümunə toplamışdım. Yanğınla birlikdə irsimiz olan bütün əlyazmalar, kitablar, lent yazıları, qədim geyimlər və xalçalar külə döndü. Oğlumun, həyat yoldaşımın sənədləri də məhv oldu”.
Bayram Ağasıyev deyib ki, oğlunun Birinci Qarabağ müharibəsinin II qrup əlili olması və həyat yoldaşının sağlamlıq problemləri faciənin yükünü daha da ağırlaşdırıb:
“Yanğından dərhal sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və digər aidiyyəti vəzifəli şəxslər gəlib evimə baxdılar, ekspertiza təyin olundu, evə dəymiş ziyan 70 min manat olaraq qiymətləndirildi.
3 ildən artıqdır ki, küçədə qalmışıq. Ümidlə dövlət qurumlarından kömək gözləyirik. Gecələr qohumların evində, gündüzlər isə yanan evin yanında müvəqqəti koma şəraitində yaşamağa məcbur olduq. Həyat yoldaşım insult keçirdi, oğlum isə əlillər üçün nəzərdə tutulmuş binada dözülməz şəraitdə qalır”.
Bayram Ağasıyev bildirib ki, aidiyyəti qurumlara edilən şifahi və yazılı müraciətlər “istintaq gedir” bəhanəsi ilə uzun müddət cavabsız qalıb, sonradan isə istintaqın 9 iyun 2023-cü il tarixində dayandırıldığı bildirilib:
“İndi də bəhanə edirlər ki, evin sığortalı olmayıb. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 19-cu maddəsinə görə, mənzil sığortasız da ola bilər. 28.5-ci maddəyə əsasən isə təbii fəlakət nəticəsində zərər çəkmiş ailələr müvafiq icra hakimiyyəti orqanının qərarı ilə kompensasiya ala bilər. Mən də Azərbaycan vətəndaşıyam, bu hüquqlar mənə də aiddir və bu vəziyyətdə mənə də tətbiq olunmalıdır. Mən bu yaşımda vətən uğrunda canından keçmiş oğlumla, ağır xəstə olan yoldaşımla niyə küçələrdə qalmalıyam? Azərbaycan dövlətindən kömək istəyirəm. Azərbaycan dövləti vətəndaş olaraq məni belə çətin durumda qoymalı deyil”.
Bayram Ağasıyev yalnız bir vətəndaş kimi deyil, Azərbaycan mədəniyyətinə xidmət etmiş musiqi müəllimi və folklor kollektivinə rəhbər kimi də dövlətin yardımını gözləyir:
“Eyni vəziyyətdə olan digər bölgələrdə - Zaqatalada, Qubada, Şabranda sel fəlakəti yaşayan ailələrə ev tikilib. Amma biz hələ də gözləyirik”.
Bayram Ağasıyev deyib ki, ötən 3 il ərzində humanizm və qanunçuluq prinsiplərinin gözardı edilməsi ilə üzləşib. Ümid edir ki, ədalət və qanun əsasında bu məsələ tezliklə həllini tapacaq.