Azərbaycan mədəniyyətinin inkişafında, xüsusilə teatr sənətinin qorunub yaşadılmasında böyük rol oynayan şəxsiyyətlər sırasında öz peşəkarlığı, təşkilatçılıq bacarığı və sarsılmaz mədəniyyət sevgisi ilə seçilən Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin xüsusi yeri vardır. Onun illərdir teatr sahəsinə göstərdiyi xidmətlər, yaradıcı mühitə verdiyi töhfələr və teatr prosesinə gətirdiyi yeniliklər mədəni həyatımızın zənginləşməsinə mühüm təsir göstərmişdir.
Bu gün Azərbaycan mədəniyyətinin yüksəlişində dövlət siyasətinin misilsiz rolu vardır. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mədəni irsimizə, o cümlədən teatr sənətinə daim xüsusi diqqət və qayğı ilə yanaşırlar. Dövlət başçısının mədəniyyət sahəsində apardığı məqsədyönlü siyasət, Mehriban xanımın mədəniyyətimizin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələr teatrların fəaliyyətinə geniş imkanlar yaratmışdır. Bu yüksək diqqət və dəstək Azərbaycanın aparıcı teatrlarının, o cümlədən Dövlət Akademik Rus Dram Teatrının inkişafına güclü təkan verib. Məhz belə şəraitdə Ədalət Hacıyevin rəhbərliyi ilə teatr bu gün özünün yeni intibah dövrünü yaşayır.
Ədalət Hacıyev peşəkar təşkilatçı olaraq teatrın idarə olunmasında müasir yanaşmalar tətbiq etməklə bədii kollektivin yaradıcılıq mühitini daha da gücləndirmişdir. Onun rəhbərliyi altında teatr həm klassik, həm də modern səhnə əsərlərinə geniş yer verməklə repertuarını zənginləşdirib, tamaşaçı auditoriyasını daha da genişləndirib. O, hər zaman sənətə xidmət fəlsəfəsini rəhbər tutur və teatrın yalnız əyləncə məkanı deyil, həm də maarifçi mədəniyyət ocağı kimi fəaliyyət göstərməsinə böyük önəm verir.
Ədalət Hacıyev həmçinin yaradıcı kollektivin rifahına, aktyorların inkişafına və onların öz potensiallarını tam reallaşdırmasına xüsusi diqqət ayırır. Onun təşəbbüsü ilə teatrda yeni layihələr həyata keçirilir, gənc aktyorların yetişməsi üçün müxtəlif təlimlər, yaradıcılıq görüşləri və ustad dərsləri təşkil olunur. Bu yanaşma teatrın dinamik şəkildə yenilənməsinə, gənclərin bu sənətə marağının artmasına xidmət edir. Beləliklə, o, teatrı təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də yaşadan bir rəhbər kimi tanınır.
Ədalət Hacıyevin fəaliyyəti yalnız təşkilati sahə ilə məhdudlaşmır; o, teatrın mədəni ictimaiyyətlə əlaqələrinin genişlənməsi, beynəlxalq əməkdaşlıqların güclənməsi istiqamətində də böyük işlər görür. Onun rəhbərliyi dövründə teatr bir çox beynəlxalq festivallarda iştirak etmiş, ölkəmizi layiqincə təmsil etmişdir. Bu, həm teatrın nüfuzunu artırır, həm də Azərbaycan mədəniyyətinin dünyada tanınmasına töhfə verir.
Ədalət müəllim dövlət başçısının mədəniyyət sahəsinə göstərdiyi diqqətin dərin anlamını yaxşı anlayan və bu siyasətin tələblərinə uyğun fəaliyyət göstərən bir mədəniyyət işçisidir. Prezident İlham Əliyevin mədəniyyət strategiyasının mərkəzində duran yaradıcı mühitin gücləndirilməsi, milli sənətin qorunması və yeniliklərin təşviqi kimi prioritetlər Ədalət Hacıyevin rəhbərlik prinsipləri ilə tam uzlaşır. Eyni zamanda, Mehriban xanım Əliyevanın mədəniyyətimizin, xüsusən teatr sənətinin inkişafına göstərdiyi qayğı və dəstək onun fəaliyyətində xüsusi stimul yaradır.
Bu gün Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı öz teatr ənənələrinə sadiq qalmaqla yanaşı, müasir dünyada gedən mədəni proseslərə adekvat şəkildə cavab verir. Bu nailiyyətdə Ədalət Hacıyevin fədakar əməyinin, geniş dünyagörüşünün, peşəkarlığının və sənətə olan məhəbbətinin rolu danılmazdır. O, idarəçilikdə həm klassik ənənələri qoruyur, həm də yeniliyə açıq olmaqla teatrın inkişaf xəttini uğurla davam etdirir.
Ədalət Hacıyev Azərbaycan teatr sənətinə vicdanla xidmət edən, bu sahənin inkişafı uğrunda yorulmadan çalışan nəcib və ziyalı bir rəhbərdir. Onun fəaliyyəti sayəsində Akademik Rus Dram Teatrı bu gün də ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olaraq qalır. Peşəkarlığı, dövlətinə və mədəniyyəti¬mizə göstərdiyi sədaqəti, sənətin keşiyində dayanmaq iradəsi Ədalət Hacıyevi Azərbaycan mədəni həyatında dəyərli və nümunəvi bir simaya çevirir.