“2026-cı ildə 10 tammetrajlı bədii filmin təqdimatı gözlənilir”.
Bu sözləri igia.az-a açıqlamasında Azərbaycan Kino Agentliyinin direktoru Rəşad Əzizov deyib.
O bildirib ki, cəmi bir həftə ərzində artıq iki iri layihə ictimaiyyətə təqdim olunub və bu, yerli kino sənayesində müşahidə olunan canlanmanın bariz göstəricisidir:
“Bir həftə ərzində uşaqlar üçün çəkilmiş “Akinak” filmi və “Tağıyev: Məktəb” filmi tamaşaçılara təqdim olundu. Biz xüsusilə ümid edirik ki, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan filmlərin sayı bundan sonra daha da artsın və bu istiqamətdə davamlı istehsal təmin olunsun”.
Agentlik rəhbəri vurğulayıb ki, 2026 Azərbaycan kinematoqrafiyası üçün məhsuldar və perspektivli illərdən biri kimi qiymətləndirilir:
“Bu il Azərbaycan kinosu üçün kifayət qədər faydalı və uğurlu il hesab olunur. Çünki əvvəlcədən müəyyənləşdirilmiş strateji planlara uyğun olaraq il ərzində 10 tammetrajlı bədii filmin istehsalı nəzərdə tutulub. Həmin filmlərin bir neçəsi hazır vəziyyətə gətirilib, digərləri isə istehsalın müxtəlif mərhələlərindədir. Təkcə bu həftə ərzində iki tammetrajlı filmin böyük kinoteatrlarda nümayişə çıxması son illər üçün nadir hadisələrdəndir və bu dinamika bizi ümidləndirir”.
Rəşad Əzizov əlavə edib ki, əsas məqsəd yerli filmlərin həm daxili bazarda, həm də beynəlxalq müstəvidə rəqabət qabiliyyətinin artırılmasıdır:
“Biz arzu edirik ki, həm “Akinak”, həm də “Tağıyev: Məktəb” filmi böyük uğur qazansın. Ümumiyyətlə, Azərbaycan kinosunun yenidən geniş rəqabət mühitinə daxil olmasını istəyirik. İstəyimiz budur ki, xarici istehsalçıların filmləri ilə yanaşı, yerli ekran əsərlərimiz də tamaşaçılar tərəfindən böyük maraqla qarşılansın”.
Qeyd edək ki, il ərzində “44”, “Mənə bənzər adam”, “Borc”, “Nəsrəddin Hoca” kimi bədii filmlərin təqdimatı gözlənilir.