Psixoloqdan valideyni boşanmış uşaqlarla bağlı SOS

Tarix:Вчера, 18:00
Baxış Sayı:1

Psixoloqdan valideyni boşanmış uşaqlarla bağlı SOS

Son illər Azərbaycan cəmiyyətində boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Rəsmi statistikaya görə, hər il minlərlə ailə dağılır və bu proses artıq təkcə fərdi problem deyil, sosial tendensiyaya çevrilib. Məsələn, son illərin məlumatları göstərir ki, qeydə alınan nikahların əhəmiyyətli hissəsi boşanma ilə nəticələnir və bu rəqəmlər ildən-ilə artım dinamikası nümayiş etdirir. Bu artımın ən ağır yükünü isə, şübhəsiz, uşaqlar daşıyır. Valideynlər ayrıldıqdan sonra uşaqlar çox vaxt emosional gərginliyin, mübahisələrin və qarşılıqlı ittihamların mərkəzində qalır. Bəzi hallarda valideynlər yenidən ailə qurur, yeni həyat başlayır, amma əvvəlki nikahdan olan uşaqların taleyi sanki arxa plana keçir. Onların qayğısı, psixoloji vəziyyəti və gələcəyi lazımi diqqətdən kənarda qalır.

Təəssüf ki, belə hallarda bəzi uşaqlar üçün həyat sözün əsl mənasında ağırlaşır, hətta dözülməz bir mühitə çevrilir. Sevgi və diqqət əvəzinə laqeydlik, qayğı əvəzinə isə psixoloji təzyiq görən uşaqlar cəmiyyətin ən həssas və müdafiəsiz təbəqəsinə çevrilir. Məhz bu səbəbdən mütəxəssislər hesab edir ki, boşanmanın özü deyil, onun uşaqlara təsiri və valideynlərin davranışı əsas müzakirə mövzusu olmalıdır.

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da diqqətçəkən məqamlara toxunub.

Klinik psixoloq mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bu gün cəmiyyətdə tez-tez natamam ailə anlayışı problem kimi təqdim olunur. Halbuki məsələ ailənin formal quruluşunda deyil. Əsas problem məsuliyyətsiz valideynlikdir və bu məsuliyyətsizlik çox vaxt məhz boşanmadan sonra açıq şəkildə üzə çıxır. Boşanma baş verdikdən sonra uşaq faktiki olaraq valideynlərin emosional mübarizəsinin mərkəzinə çevrilir. Tərəflər problemi həll etmir, bir-birinə təsir etmək üçün uşağı alətə çevirir. Mövcud təcrübədə isə uşaq əksər hallarda avtomatik olaraq anaya verilir. Bu yanaşma artıq hüquqi refleks xarakteri alıb və nadir hallarda sual olunur, ana psixoloji və əxlaqi baxımdan sağlam uşaq böyütməyə hazırdırmı? Bu sual verilməlidir, həm də formal yox, real qiymətləndirmə ilə. Çünki məsələ valideynin cinsində deyil, onun məsuliyyətində, psixoloji sabitliyində və uşağa verdiyi mühitdədir. Uşaq üçün təhlükə natamam ailə deyil, qeyri-sağlam valideyn davranışıdır. Bu gün uşağı atasına qarşı istifadə edən, şəxsi incikliklərini uşaq üzərindən kompensasiya edən, yeni həyat qurmaq naminə övladını ikinci plana atan analar mövcuddur. Daha təhlükəlisi isə odur ki, bəzi hallarda ana öz emosional boşluğunu uşağın üzərində doldurmağa çalışır və bununla da onun psixoloji inkişafına ciddi zərbə vurur. Nəticədə cəmiyyət aqressiv, travmalı və nəzarətsiz gənclərlə üz-üzə qalır. Bu, təsadüfi hallar deyil, sistemli boşluğun nəticəsidir. Məhz buna görə məktəblərdə uşaqlar üçün psixoloji pasport sisteminin tətbiqi zəruridir. Xüsusilə risk qrupuna daxil olan boşanmış, konfliktli və natamam ailələrdən gələn uşaqlar davamlı monitorinq altında olmalıdır. Aidiyyəti dövlət qurumları ilə məktəblər arasında real və işlək əməkdaşlıq mexanizmi qurulmalıdır. Çünki hər valideyn avtomatik olaraq doğru tərəf deyil və bu reallıq nə qədər tez qəbul olunsa, bir o qədər sağlam nəticələr əldə edilər.

Valideynlik əxlaqi məsuliyyətdir. Uşaq üzərində qurulan həyat yalnız hüquqi status deyil, eyni zamanda davamlı öhdəlik və şüurlu davranış tələb edən bir sahədir. Burada əsas meyar şəxsi istəklər deyil, uşağın psixoloji sabitliyi, emosional təhlükəsizliyi və sağlam inkişafıdır. Öz şəxsi həyatını, münasibətlərini və ehtiraslarını bu məsuliyyətin önünə keçirən yanaşma valideynlik rolunu mahiyyətcə zəiflədir və uşaq həyatın mərkəzindən çıxarılıb ikinci plana atılır. Belə halda valideynlik formal qalır. Bu, artıq fərdi seçim kimi təqdim edilə bilməz, bu, birbaşa ictimai və etik riskdir və nəticəsi uşağın gələcəyində uzunmüddətli iz buraxır. Cəmiyyətin qadını avtomatik olaraq “zərərçəkmiş tərəf” kimi qəbul etməsi də problemləri dərinləşdirir. Bu yanaşma bəzi hallarda sui-istifadəyə yol açır. Məhkəmələr humanist qərarlar qəbul etsə də, bu humanizm hər zaman uşağın maraqlarına xidmət etmir. Uşağın anaya psixoloji bağlılığı onun üçün ən doğru mühitin məhz həmin mühit olması anlamına gəlmir.

Reallığı açıq şəkildə demək lazımdır. Valideyn olmaq istəyən cütlüklər üçün psixoloji hazırlıq və konsultasiya mexanizmləri məcburi xarakter almalıdır. Uşaq dünyaya gətirmək yalnız hüquq kimi deyil, əxlaqi məsuliyyət kimi qiymətləndirilməlidir. Bu məsuliyyətə hazır olmayan şəxslərin valideynlik institutuna daxil olması gələcəkdə daha böyük sosial problemlərə yol açır. Məsələ tək bir ailənin daxilində baş verən proseslərlə məhdudlaşmır. Bu gün formalaşan qeyri-sağlam ailə mühiti sabah cəmiyyətin ümumi təhlükəsizlik və sabitlik məsələsinə çevrilir. Bugünkü məsuliyyətsiz valideynlik sabahın sosial və kriminal problemlərinin əsasını qoyur. Bu reallığı ya indi qəbul edib sistemli tədbirlər görüləcək, ya da gələcəkdə daha ağır nəticələrlə üzləşəcəyik”.

Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Latviya Prezidentinin səfəri başa çatdı
Latviya Prezidentinin səfəri başa çatdı
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq