Dünyanın ən böyük pivə istehsalçılarından biri olan Heineken, əsas bazarlarda tələbatın azalması fonunda birinci rübdə satış həcmlərinin proqnozlaşdırılandan daha çox düşdüyünü qeydə alıb.
igia.az-ın "Bloomberg" agentliyinə istinadən məlumatına görə, "Tecate" və "Amstel" brendlərinin də sahibi olan şirkətin natural ifadədə satışları 0,8% azalıb (analitiklərin gözləntisi 0,7% idi).
Pivədən imtina trendi
Müasir dövrdə alkoqollu içkilərə, xüsusən də pivəyə münasibət kökündən dəyişməkdədir. Artıq gənc nəsil pivəni sadəcə bir içki kimi deyil, yüksək kalori, qaraciyər piylənməsi və hormonal balansı pozan bir amil kimi görür. Pivənin tərkibindəki maya və şəkər qanda insulinin səviyyəsini kəskin artıraraq "pivə qarnı" kimi tanınan piylənməyə, həmçinin xroniki yorğunluq və yuxu pozğunluğuna yol açır. İnsanların öz sağlamlıqlarına qarşı artan bu diqqəti, alkoqol sənayesinin ciddi itkilər verməsinə səbəb olur.
Avropa və Amerikada antirekord
Satışların azalması ən çox Avropa və Amerika regionlarında hiss olunub və ümumi eniş 2,7% təşkil edib. ABŞ və Braziliyada tək rəqəmli, Polşada isə iki rəqəmli azalma qeydə alınıb. Şirkət rəsmiləri etiraf edirlər ki, pivə sənayesi istehlakçıların üstünlüklərinin dəyişməsi və xüsusilə gənclər arasında sağlamlıqla bağlı artan narahatlıqlar səbəbindən ciddi təzyiqlə üzləşir.
Şirkətin baş direktoru Dolf van den Brink qeyd edib ki, istehlakçıların əhvali-ruhiyyəsi artan xərclər, enerji bazarlarındakı qeyri-sabitlik və geosiyasi gərginlik səbəbindən təzyiq altındadır. Qeyd edək ki, Van den Brink altı illik rəhbərlikdən sonra bu ilin may ayında vəzifəsini tərk edəcək.